Antisiklon

Antisiklon (yunanca anti — "əks" və kyklon — "fırlanan") — atmosferin maksimum təzyiqin mərkəzdə olduğu yüksək təzyiq sahəsi.

Antisiklonda küləklər zəif, mərkəz hissədə isə tam sakit (şəlekət) olur. Antisiklonda külək şimal yarımkürəsində saat əqrəbinin istiqaməti üzrə, cənub yarımkürəsində isə saat əqrəbinin əksi istiqamətində hərəkət edir. Antisiklonda havanın yuxarıdan aşağıya doğru güclü hərəkəti var. Ona görə də hava quru, açıq və buludsuz olur. Antisiklonlar Şərqi Arktikanın, Antarktidanın soyuq, buz səthi üzərində, qışda isə həm də Şərqi Sibir üzərində yaranaraq, dayanıqlı olurlar.

Arktika hava kütlələri qışda şimaldan mülayim qurşağa doğru hərəkət etdikdə bütün Şərqi Avropa üzərində antisiklon əmələ gəlir və bəzən Qərbi və Cənubi Avropanı, o cümlədən Azərbaycan ərazisini də əhatə edir. Antisiklonda atmosfer təzyiqi yüksək olduğundan hava yuxarıdan aşağı enir, sıxlaşır, rütubətlə doyma nöqtəsindən uzaqlaşır. Bununla əlaqədar antisiklonda hava aydın, buludsuz və yağıntısız olur.

Antisiklonlar daxilində küləklərin zəif olması və üfüqi təzyiq qradiyentinin azlığı ilə fərqlənir. Antisiklonlar əsasən qışda materiklər üzərində yaranır və böyük sahə tuturlar. Burada həmişə mövcud olan enən hava axınları havanı doymağa qoymur və nəticədə əksəriyyət halda aydın hava şəraiti müşahidə edilir. Əksər hallarda antisiklonlar qərbdən şərqə doğru 30–40 km/s sürətlə hərəkət edirlər, bəzən isə onlar stasionar xarakter daşıyaraq uzun müddət eyni yerdə qala bilirlər. Antisiklonlarda enən hava axınları üstünlük təşkil etdiyindən yerüstü təbəqədə inversiya qatının yaranması üçün əlverişli şərait yaranır.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search